Tənqidi düşüncə fərdlərin müstəqil düşünmək və düzgün qərarlar qəbul etmək qabiliyyətini artırır. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncəyə isə Qədim Yunanıstanın klassik dövrünün filosoflarından Platon və Sokratın təlimlərində rast gəlinmişdir.
Dinləmək, danışmaq, oxumaq və yazmaq kimi bəzi bacarıqlar təhsilalanlara həm tənqidi düşünmək, həm də hər şeyi sərbəst ifadə etmək imkanı verir. Tənqidi düşüncəyə nail olmaq üçün təhsildə bəzi yanaşmalar və metodlar tətbiq edilməlidir. Son araşdırmalara əsasən tənqidi təfəkkürün inkişafı üzrə yeni metodik yanaşmalar təqdim olunur:
Sinif müzakirələri – tənqidi düşünmə, problem həll etmə və yaradıcılıq kimi bacarıqların istifadəsi üçün şagirdlərin motivasiyasını artıran bir metoddur. Müzakirələr düşünmə prosesini düzgün aparmağa kömək edir, çünki bu zaman şagirdlər maraqlı mövzu ətrafında faktlar əsasında dəqiq fikir bildirmək səriştəsi qazanır.
Debatlar və oyunlar – danışıq qabiliyyətini sürətləndirməklə, şagirdlərin düşüncəsinə təsir edir, onların zehnində tənqidi təfəkkürü zənginləşdirən çoxlu fikir və düşüncənin formalaşmasına səbəb olur. Mövzunun lehinə və əleyhinə olan çarpaz fikirlər debatın əsas xüsusiyyətidir.
Onlayn forumlar – həm yazılı həftəlik tapşırıqlar, həm onlayn müzakirə yazılarında şagirdlərin mövqelərini nəzərdən keçirməyə, həm də etibarlı onlayn mənbələrdən istifadə etməklə tədqiqatlar aparmağa kömək edir.
Sinifdənkənar layihələr – layihə əsaslı öyrənmə əsasında bir çox faktların və anlayışların birbaşa təqdimatını təklif edir. Bu yanaşma həm də şagirdləri dildə yeni anlayışlarla tanış edir və müzakirələri təşviq etmək üçün bir vasitə kimi mürəkkəb real dünya problemlərindən istifadə etməyə həvəsləndirir. Tənqidi düşüncə layihə əsaslıtəlimdə müşahidə nəticəsində toplanmış məlumatın aktiv şəkildə konseptuallaşdırılması, tətbiqi, təhlili, sintezi və ya qiymətləndirilməsinin intizamlı prosesidir.
Sərbəst yazı nümunələrinin hazırlanması – şagirdlərə müşahidə etdikləri maraqlı mövzular və hadisələr haqqında həftəlik yazı çalışmaları tədrisdə tənqidi təfəkkürün inkişaf etdirilməsinin əsas yollarından biridir. Burada əsas ideyanı yazmaq, uyğun sözlər işlətmək və mətnin ifadəli şəkildə təsviri təşkil edir. Yazıların müəllim və ya sinif yoldaşları tərəfindən təhlil edilməsi və qiymətləndirilməsi yeni düşüncənin yaranmasına səbəb olur. Həftəlik yazılar şagirdlərin mövzulara sərbəst yanaşmasına, yeni fikirlər əlavə etməsinə, öz münasibətlərini ifadə etməsinə və dilin daha mükəmməl öyrənilməsinə imkan yaradır.